1. Ana səhifə
  2. Müraciətlər
  3. 1 oktyabr 2026

Otuz üçüncü Ümumölkə Namaz Toplantısına mesaj

Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Mərhəmətli və Rəhmli Allahın adı ilə

«Namazın bərpa edilməsi» kimi uca işə diqqət və xüsusilə Namaz Toplantısının keçirilməsi 1370-ci illərin əvvəlindən ölkədə mücahid və xalqa yaxın alim, Quran ustadı və mahir təbliğatçı Höccətülislam vəl-Müslimin Qəraətinin (bərəkətləri daim olsun) səyi ilə formalaşmış zəruri və layiqli tədbirlərdəndir. Uca məqamlı şəhid rəhbərin (Allah onun şərəfli məqamını uca etsin) bu işə xüsusi diqqəti və keçmiş otuz iki toplantıya ünvanladığı mesajlarda verdiyi mühüm, davamlı və təkidli tövsiyələr də bu xətti-hərəkətin əhəmiyyətini artırır. Şübhəsiz ki, namaz barədə danışmaq və ya yazmaq ilahi vəhyin, Həzrət Peyğəmbərin (Allahın salavatı ona və onun ailəsinə olsun) və məsum imamların (onlara salat və salam olsun) kəlamlarının şanına və səviyyəsinə layiqdir və mənim kimilərin qələmi namaz maarifinin dərinliyi haqqında nəsə yazmaq üçün çox kiçikdir. Lakin İslam cəmiyyətinin kimliyi və tələbləri, onun xidmətçilərinin, xüsusilə İslam İnqilabı rəhbərliyinin vəzifələri bunu tələb edir ki, bu baxımdan özümə, xalqın hər bir fərdinə və məsullara bir neçə cümlə xatırladım.

Namaz Haqq-Taalanın (Onun cəlalı uca olsun) ən gözəl böyük nemətlərindən, dinin ən üstün qurumu, rəmzi və sütunu, hər birimizin sonsuz və əbədi ilahi mənbə ilə yaxın və bilavasitə əlaqə qurması üçün bağlılıq telidir. Bu nicat və qurtuluş iksiri və pak həyatın rüknü həm insanın nəfs şeytanı və dünyəvi şeytanlarla mübarizədə möhkəm və davamlı dayağı və tükənməz xəzinəsidir, həm də eşq, ümid, mehribanlıq və aramişin qaynar çeşməsidir; bərəkətlərin nazil olması və ilahi ruzilərin bolluğu da namazın qılınması və istiğfar sayəsində baş verir və artır.

Lakin namaz fərizəsi yalnız fərdi bir vəzifə deyil və Quranın təliminə görə namazı bərpa etmək salehlərin hakimiyyətinin ilk bəhrəsi və nişanəsidir: «O kəslər ki, əgər onlara yer üzündə hakimiyyət versək, namaz qılarlar.» Bu ayənin mübarək Həcc surəsində Uca Allahın köməkçilərinə və onların cihadına dair ilahi yardım vədi ayəsindən dərhal sonra gəlməsi göstərir ki, namazın qılınması Allahın zikrinin, Ona ümid və etimadın möhkəm dayağı kimi, cihadda, mübarizə meydanlarında fəth və zəfərdə, xüsusilə bu gün İran millətinin qarşısında duran mübarizə meydanında xüsusi rol oynayır.

Bu gün ki, əziz İran xalqının imkan və qüdrət şərti hər zamankından daha çox təmin olunmuşdur, oyanmış millətin hər bir fərdi namaz qılmağa dair bu təkrarlanan ilahi əmrin müxatəbidir: «Namaz qılın.» Bundan əlavə, cəmiyyətdə təsirli olan bütün şəxslər – ata və analardan və ailələrdən tutmuş müəllimlərə və dostlara qədər, ustadlardan və elitadan tutmuş tanınmış simalara və məşhur şəxslərə qədər – həmçinin bütün mədəniyyət yaradan qurum və orqanlar, o cümlədən məscidlər, cümə namazları, məktəblər, universitetlər, elmi hövzələr, Səda və Sima, mədəni və ictimai fəallar və xalq Bəsici, xüsusilə yeniyetmə və gənc təbəqə ilə təmasda olanlar bu işdə ikiqat məsuliyyət daşıyırlar.

Namazın bütün tamamlayıcı mərhələlərində və təkamül səviyyələrində Məhəmmədi saf İslamın (Allahın salavatı ona və onun ailəsinə olsun) bayrağını ucaltmış və İslamın hakimiyyəti ilə fəxr edən cəmiyyət və ölkənin genişliyində bərpa edilməsi ən mühüm işlər sırasındadır və hərəkat və İslam İnqilabı mərhələsindən İslam cəmiyyəti mərhələsinə qədər yol getmək üçün zəmin yaradılmasında zəruri bir işdir; yalnız bundan sonra İslam sivilizasiyası mərhələsinə çatmaq mümkün olacaqdır. Namazın institutlaşması, hamıya şamil və ümumxalq səciyyəsi alması, sonra isə onu gözəl şəkildə yerinə yetirmək üçün ümumi səy bu mühüm məqsədə çatmaq uğrunda səy xəttinin iki əsas tərəfidir; məscidlərin abadlaşdırılması və camaat və cümə namazlarının kəmiyyətinin genişləndirilməsi və zahiri keyfiyyətinin yüksəldilməsi üçün digər tədbirlər bu mühüm məqsədə nail olmaq üçün zəruri müqəddimələrdir. Bütün bu hallarda xalqın pənahgahı, onların dərdlərini dinləyən və qəbul edən qulaq olmalı olan camaat və cümə imamlarının rolu çox önəmlidir.

Ümid edirəm ki, ilahi lütflər və Ağamızın (Uca Allah onun şərəfli zühurunu tezləşdirsin) xüsusi diqqəti və duası ilə əziz millətimiz və ölkəmiz namazın qılınması və onun feyzlərindən və bərəkətlərindən faydalanmaq işində uğurlu və müəyyəd olsun.

Seyid Müctəba Hüseyni Xamenei, 9 mehr 1405