Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Bağışlayan və mehriban Allahın adı ilə
"Həqiqətən, Biz Musanı Öz ayələrimizlə göndərdik (və dedik ki) “Qövmünü zülmətlərdən nura çıxar və Allahın günlərini onlara xatırlat!”"
Mehr (İran aylarından biridir) ayının ilk günləri "Əyyamullah"ı (Allahın günləri) və İran xalqının birinci tətbiq olunmuş müharibədə səkkiz il ərzində göstərdiyi qəhrəmanlıqla müdafiənin möhtəşəm və unudulmaz hadisəsini xatırladır. O günlərdə İnqilab günəşinin isti şüaları İran torpaqlarına yayılaraq milli həmrəyliyin və inqilabçı İslam məktəbinə və məfkurəsinə sədaqətin xoş duyğusunu doğururdu, bunun təsiri ilə köhnə və yeni hegemonluq və müstəmləkəçilik buzları əriməyə başlamışdı. O günlərdə İran xalqının bir qismi müstəmləkəçilərin düşmənçiliklərini, neft sənayesinin milliləşdirilməsi ilə bağlı hadisələri və Amerikanın təşkil etdiyi çevrilişi iyirmi ildən bir qədər əvvəl baş vermiş hadisələr kimi xatırlayırdı. Bəziləri bunlar barədə xəbərlər eşitmişdi və onların çoxu əcnəbilərin ölkəmizin işlərinə hakim olmasının ölkəmizin başına nələr gətirdiyini yaxından hiss etmişdi. Lakin ondan əvvəlki günlər qaranlıq və məşəqqətli günlər idi, hegemon dövlətlərin səfirləri ölkə şahına nə etməli və nə etməməli olduğunu bildirir, o da istər könüllü, istərsə də könülsüz həmin göstərişləri yerinə yetirirdi. Nəhayət, İran xalqının Həzrət İmam Xomeyninin rəhbərliyi ilə həyata keçirdiyi Böyük İnqilab bu düzəni alt-üst etdi. İnqilabın sayəsində həmin qaranlıq günlər İran İslam Respublikasının qurulmasının nurlu günlərinə çevrildi. Bu isə bu torpağın sərvətlərinə tamah salmış və illər boyu onları ələ keçirmək üçün xalqımıza qarşı hər cür pisliyi rəva görmüş hegemonlar üçün olduqca ağır idi. Buna görə də bundan sonra bütün səylərini inqilabçı xalqın coşqun çayının axınını əvvəlki istiqamətinə qaytarmağa yönəltdilər və birinci tətbiq olunmuş müharibə İslam Respublikasının mübarək mövcudluğunun ilk onilliyində onların həyata keçirdiyi ən mühüm addım oldu.
Xalq əleyhinə olan Bəəs Partiyasının törətdiyi və bir neçə gün ərzində müharibə apararaq asanlıqla qələbə qazanmaq xülyası ilə alovlandırılan həmin müharibənin atəşindən İslam quruluşu əvvəlkindən daha yetkin və daha güclü şəkildə, Simurq quşu kimi, daha gur səslə və daha uca üfüqlərə ucaldı və bu, düşmənlərin sonrakı yaratdığı hadisələrdə də həmin quruluşun davamlı xüsusiyyətinə çevrildi.
Düşmənin bu xalqın üzərində öz əlaltılarını hakim etdiyi və müstəmləkəçiliyin yeni formasını tətbiq etdiyi o günlər İnqilabın və tətbiq olunmuş müharibə şəraitində İslam və cihad bayrağının ucaldılmasının bərəkəti ilə şərəfli günlərə çevrildi. Həmin günlərin başa çatmasından 38 il keçməsinə baxmayaraq, onun hadisələrinin hər bir detalına və sağ qalanların səmimi rəvayətlərinə nəzər saldıqda, hər biri ibadət, şücaət, müqavimət, əxlaq və insanlıq dərsi verən örnəklər ölkəmizin tarixinin zirvəsində parlaq ulduzlar kimi görünür.
Hegemonluq sisteminin əlaltılarının təcavüzlərinin başladığı ilk günlərdə ölkəmiz bir çox təhdidlərə qarşı özünü müdafiə etmək üçün tağut rejimindən demək olar ki, heç bir müdafiə imkanına malik olmayan bir vəziyyətdə qalmışdı. Lakin haqqın bərqərar edilməsi və İlahi yardımın sayəsində bu gün elə bir mərhələyə gəlib çatmışıq ki, artıq İslam döyüşçülərinin hücumları qarşısında onların əlaltıları deyil, məhz həmin təcavüzkar hakimiyyət sahiblərinin özləri sığınacaq axtarır və müharibəni dayandırmaq üçün yalvarırlar.
Onların ölkəmizi əvvəlki vəziyyətinə qaytarmaq istədikləri dövr gerilik, zillət və xarlıq, asılılıq və İranın İslam dünyasında bədnam olması ilə səciyyələnən günlər idi. İçində olduğumuz bu günlər isə tərəqqi, izzət, müstəqillik və İslam dünyasında, hətta bütün dünyada ən yüksək nüfuzla doludur. Bu gün bizi dünyanın dördüncü fövqəldövləti hesab edənlər var. Əlbəttə, onlar bunu dünyəvi hesablamalara əsasən deyirlər, lakin İlahi hesablamalara görə, özünü Pak Əhli-beytə (Allahın salamı və salavatı onların hamısına olsun) mənsub bilən, xalqının böyük əksəriyyəti həmin uca məqamlara bağlı olan və haqqı bərqərar etməkdən qorxmayan ölkə dünyanın birinci gücüdür.
سرخان, [9/28/2026 10:34 PM] O günlər İranın cənubundakı iki dəniz düşmən qüvvələrinin at oynatdığı məkan idi. Lakin bu gün onlar cəsur döyüşçülərdən və Hörmüz boğazının mühafizəçilərindən aldıqları ağrılı-acılı zərbələrə görə Ərəb dənizindən irəli keçə bilmirlər və hər dəfə bu təhlükəni gözə aldıqda özlərinə zərər vurublar, çox keçməyəcək ki, Ərəb dənizi də özünü onlardan təmizləyəcək.
Elə günlər var idi ki, hegemonlar psixoloji əməliyyatlar apararaq və qorxu mühiti yaradaraq paytaxtın küçələrini boşaltmış, bu xalqın müstəqillik istəyinə qarşı çevriliş həyata keçirmiş və bundan sonra 25 il ərzində bu ölkənin sərvətlərini talamışdılar. Lakin artıq yeddi aydır ki, bu günlərdə həmvətənlərimiz bütün ölkə boyu meydanları və küçələri öz məsuliyyətli və coşqun iştirakı ilə bəzəyərək İslam döyüşçülərinin ruh yüksəkliyini təmin edir və düşməni qorxuya salırlar. Həmçinin 30 milyondan çox iranlı öz canından keçməyə hazır olduğunu elan etdi və onların yenidən iştirakının təşkilatlanması üçün elan verildikdə, ilk 100 dəqiqə ərzində tələb olunan sayın 500 mini qeydiyyatı tamamladı.
Hazırda müxtəlif xalqlardan (qövm və tayfalardan) olan iranlıların iştirakı ilə bəzədilmiş bütün İslami olan İranda müxtəlif hazırlıqlar, xüsusilə də silahlı hazırlıqlar mövcuddur ki, elə bir döyüş meydanı yaratsınlar ki, həmin meydan onlara ad-san, düşmənlərinə isə rüsvayçılıq qazandırsın.
Elə günlər var idi ki, bu torpağın insanlarının cəsarəti kişiləri ilə tanınırdı. Lakin indi elə günlərdəyik ki, qadınlar cəsarətli iştirakları ilə bəzi sahələrdə kişiləri qabaqlayırlar.
Elə günlər var idi ki, düşmən quruluşun sosial dayağını daim zəiflətməyə çalışırdı. Lakin bu günlərdə cəmiyyətin müxtəlif təbəqələri arasındakı aşkar fərqlərə baxmayaraq, öz haqlı mövqelərini, o cümlədən bərəkətli və xeyirli Hörmüz boğazını qorumaqda israr edirlər.
Keçmiş günlərlə indiki günlərin bu müqayisəsini yenə də genişləndirmək və izah etmək olar. Lakin bir sözlə, mən əziz İran xalqının xidmətçisi kimi bəyan edirəm ki, düşmənimizin geri qayıtmaq arzusunda olduğu həmin əvvəlki günlər artıq geridə qaldı və bir daha heç vaxt təkrarlanmayacaq. Əlbəttə, ağrı və kədərlə xatırlatmalıyam ki, ölkənin bugünkü izzəti onların rəhbərliyinə borclu olduğu Böyük Xomeyninin və əzəmətli məqam sahibi şəhid Xameneinin (Allah hər ikisinin müqəddəs məqamını uca etsin) yeri bu gün çox hiss olunur. Lakin onların ardıcılları üçün qoyub getdikləri dəyərli xəzinə – fəaliyyətlərinin və parlaq, yolgöstərən sözlərinin sayəsində – gələcək günlər bu günlərdən qat-qat daha əzəmətli olacaq. Çünki birinci tətbiq olunmuş müharibənin alovlarından doğulan həmin Simurq indi düşmənlərin təzyiqi və xüsusilə son iki tətbiq olunmuş müharibənin təsiri nəticəsində o qədər böyüyüb ki, uçuşunun kölgəsi düşmən torpaqlarının üzərinə də düşür.
Bu məqamda ərəb qəhrəmanı və Müqavimət Cəbhəsinin böyük simvolu, yüksək məqamlı şəhid cənab Seyid Həsən Nəsrullahın (Allah onun pak ruhunu şad etsin) şəhadətinin ikinci ildönümü münasibətilə onu yad etmək çox yerinə düşür. O, öz xalqı və fikri məktəbi üçün səmimi və xeyirxah idi, onun səmimi və şirin xütbələri və şücaətli addımları öz xalqının, hətta dünyanın azad insanlarının qəlblərini möhkəmləndirirdi. O, kiçik bir ölkə olan və illər boyu bəzi güclərin təsir dairəsinə çevrilmiş Livanın adını əzəmət zirvəsinə ucaldan şəxs idi. Qələbə və zəfər onun daim yol yoldaşı idi. Şübhəsiz ki, Şam tarixinin bütün dövrü boyunca, peyğəmbərlər və onların canişinlərindən sonra həmin qədim diyarda onun qədər əzəmətli bir şəxsiyyət meydana çıxmamışdı. Əlbəttə, bu gün onun şərəfli bayrağı cənab Şeyx Nəim Qasimin (Allah onu qorusun) əlindədir və o, Hizbullahın möhkəm və Aşura ruhlu sıralarının önündə cəsarətlə onun yolunu davam etdirir.
Livanın bu günləri tarix qarşısında, hətta elə indidən onun özü və bütün müqavimət mücahidləri üçün əlamətdar və şərəfli günlərdir, sionist düşmənin qarşısında isə hegemonların və öz bədxahlarının yalan vədlərinə ümid bağlayanlar üçün zillət gətirən və sonda rüsvayçılıqla nəticələnəcək günlərdir.
Şəhid müqavimət Seyidinin, Seyid Haşim Səfiyəddinin və bu gün müqavimət yolunda mübarizə aparan mücahidlər zaman keçdikcə parlaq ulduzlar kimi nur saçacaq və çaşqınlıq içində qalan yolçulara yol göstərəcəklər.
Bunların əksinə olan şəxslər isə çox keçmədən, tarix səhifələrinin ilk vərəqlərindəcə dəfn olunacaq və unudulacaqlar. Gələcəkdə onların adı çəkiləndə isə pislik, tədbirsizlik və hətta bəlkə də xəyanət yada düşəcək.
Sonda ümid edirəm ki, İlahi lütflərin davam etməsi və Mövlamızın (Allah-təala onun zühurunu tezləşdirsin, canlarımız ona fəda olsun) xüsusi duası sayəsində İran xalqı və bütün müqavimət tərəfdarları yalnız qələbə, zəfər və izzətlə, düşmənləri isə yalnız məğlubiyyət və zillətlə qarşılaşsınlar, Allahın lütfü və kərəmi ilə.
Seyid Müctəba Hüseyni Xamenei
28.09.2026