1. Ana səhifə
  2. Müraciətlər
  3. 22 sentyabr 2026

Məktəblərin və universitetlərin açılışı münasibətilə mesaj

Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn

Rəhman və Rəhim Allahın adı ilə

«Allah sizlərdən iman gətirənləri və elm verilənləri dərəcələrlə ucaldar.»

Yeni tədris ilinin başlanğıcı və məktəb və universitetlərdə elm və ədəb evlərinin açılması canlılıq, ümid və xalqın parlaq və möhtəşəm gələcəyə doğru sürətli hərəkətinin müjdəsidir. Elə bir gələcək ki, onun gerçəkləşməsi İranın əziz övladlarının, İslam və İslam İnqilabı məktəbinin yetirmələrinin bacarıqlı əllərindədir. Böyük Xomeyninin və uca şəxsiyyətli şəhid Xameneinin (Allah onların şərəfli məqamını uca etsin) dəfələrlə onlara olan ümidlərini bəyan etdikləri həmin nəsil.

İndi ki, yeni tədris ilinin qapıları şagird və tələbələrin böyük kütləsinin üzünə açılır və elm və hikmət yolçuları ilahi tövfiqə ümidlə bilik, mərifət və bacarıq qazanmağın yeni dövrünə başlayırlar, layiqdir ki, yaslı ana və atalarla həmsəs olaraq son təhmil olunmuş müharibədə şəhid olmuş şagirdlərin xatirəsini bir daha əziz tutaq. Bu il tədris ilinin başlanğıcının xatirələrlə dolu günləri bizim üçün səfərə getmiş övladlarımızın ayrılığının qəmini təzələyir. Məktəb və universitetlərdə bəzi tələbələrin, müəllimlərin və professorların boş qalan yeri hiss olunacaq və bu kədər zehnimizi xeyir ilə şər arasındakı mübarizənin və haqq ilə batil arasındakı müharibənin düzgün istiqamətinə yönəldəcəkdir.

Bu gün şagird və tələbələrin məsuliyyəti elm və təqva, ümid və əxlaq, bilik və bacarıqla silahlanmağa və cəhalət və qaranlıq pərdələrini dağıtmağa çalışmaqdır ki, biliyin sərhədlərini aşaraq və onun tərəqqi yaradan zirvələrini fəth edərək İslam İranının yüksəlişi istiqamətində öz tarixi missiyalarını yerinə yetirsinlər. Bu mühüm iş onların ikinci evi sayılan yerdə həyata keçir. Buna görə də bu əzizlərə deyirəm ki, onun hərimlərini daim ən yaxşı şəkildə qorumalı, bilik və dünyagörüş səviyyənizi, davranış və xasiyyətlərinizi mümkün qədər yüksəltməklə onu vətəninizin tərəqqi mərkəzinə çevirməlisiniz. Bu elm, ədəb, canlılıq və ümid sığınacağında bir neçə illik iştirak fürsətindən özünüzü maksimum dərəcədə inkişaf etdirmək üçün istifadə edin; insan həyatının ən mühüm ünsürü olan Uca Yaradanla əlaqədə özünüzü inkişaf etdirmək, həmnövlərinizlə, həmvətənlərinizlə və ailənizlə əlaqədə özünüzü inkişaf etdirmək və bilik qazanmaq və müxtəlif bacarıqlar əldə etmək sahəsində özünüzü inkişaf etdirmək.

Bu müddət ərzində düzgün düşünməyi və təşəbbüskarlığı məşq edin və həmişə milli kimliyinizin köklərinin, izzət və mədəni müstəqilliyinizin, ana dilinizin, İslam quruluşunun müqəddəs bayrağının və onun digər rəmzlərinin keşikçisi olun. Tezliklə cəmiyyətdə özünüzə uyğun rolu tapmaq növbəsi çatacaq və o zaman onu ən yaxşı şəkildə yerinə yetirməklə həm özünüzü, həm də ölkənizi sərbüləndləşdirəcəksiniz.

İndi, hökmranlıq sisteminin, xüsusilə cinayətkar Amerika hökumətinin və saxta sionist rejiminin vəhşiliyinin hədd-hüdud tanımadığı bir dövrdə, təqva və əxlaqla müşayiət olunan bilikdən doğan qüdrət onların təcavüzkar əllərini bəşəriyyətin başı üzərindən qısaldan polad qalxan və iti qılınc kimidir. İndi siz elə sinif otaqlarında iştirak edirsiniz ki, sizdən bir az əvvəl onun sevimli partalarında oturmuş nəsillər bu gün vətənin və şərəfin müdafiəsinin müxtəlif cəbhələrində İslam İranı üçün izzət və qüdrət yaradırlar və məhz onlar sizin üçün nümunə və yol çırağı olacaqlar; necə ki, onlardan əvvəl də bu siniflərdə fədakarlıq nümunələri, ölkənin əzəmət nişanələri və böyüklük və alicənablıq əfsanələri sayılan insanlar olmuşdur.

Son söz müəllimlər və professorlar barədədir. Biz hamımız təhsilin hər mərhələsində müəllimlərimizə borcluyuq. Əksər hallarda şagirdlərinin ən səmimi hissləri ilə qarşılaşan bu əziz və sevimli təbəqə müxtəlif məclislərdə və zamanlarda hamı tərəfindən ehtiramla anılmağa layiqdir. Onlarda adətən müşahidə olunan izzəti-nəfs və qənaətkarlıq məsul şəxsləri onların hazırkı güzəranından razı salmamalıdır və inşallah, hikmətli planlaşdırma ilə onun yaxşılaşdırılması üçün təsirli səy göstərəcəklər; xüsusilə ona görə ki, bu məsələ qanuni vəzifənin icrasından daha artıq, qəlbdən gələn bir işdir.

Allahın salamı, rəhməti və bərəkəti üçüncü təhmil olunmuş müharibənin şəhid professorlarına, müəllimlərinə, tələbələrinə və şagirdlərinə, onların başında isə ölkədə elmin nəzərəçarpacaq sürətlə inkişafında böyük haqqı olan hikmətli Rəhbərimiz və uca şəxsiyyətli şəhid mürəbbimizə (Allah onun şərəfli məqamını uca etsin) olsun; elm, bilik və din sahəsinin bütün mürəbbilərinə, müəllimlərinə və professorlarına təşəkkür edir, İran xalqının aqibəti xeyir olan hər bir şagirdini və tələbəsini təbrik edir və xoş gəldiniz deyirəm; ümid edirəm ki, Ağamızın (Allah onun zühurunu tezləşdirsin) uğurlu duası ilə elm, ədəb və tərəqqi zirvələrinə çatmaqda daha da uğurlu olsunlar, inşallah.

Seyid Müctəba Hüseyni Xamenei 31 şəhrivər 1405